Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR MƏSUM İMAMLARI (Ə) PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜN BİLİRLƏR?


İzah: Bu sual ən mühüm dini suallardan biri kimi, bütün zamanlarda həmişə diqqət mərkəzində olmuşdur. Əlbəttə, onun irəli sürülməsindən öncə Peyğəmbəri-Əkrəmin (s) kəlamında bu müddəanı sübut edən bəzi nişanələr də görünür. İbn Əbil-Hədid yazır:

والقول بالتفضيل قول قديم قد قال به كثير من الصحابة و التابعين
“Fəzilət və üstünlüyə (məsum imamların (ə) peyğəmbərlərdən üstünlüyünə) etiqad keçmiş etiqadlardandır və səhabə və tabeinlərin əksəriyyəti ona etiqad bəsləyirdi.” [1]
Demək, bu, yeni bir etiqad deyil və İslamın əvvəlindən indiyə qədər öz qüvvətində qalmaqdadır. Odur ki, böyük şiə alimləri imamların (ə) fəzilətlərini açıqlamaq üçün bir an belə sükut etməmişlər. Şeyx Müfid, Şeyx Tusi, Əllamə Hilli (Yusif ibn Mütəhhər), Əllamə Məclisi və müasir alimlər öz əsərlərində bu etiqadın dəlil-sübutlarını qələmə almışlar. Biz isə burada onlardan bir neçəsini qısa şəkildə qeyd etməyə çalışacağıq.

CAVAB


1. MƏSUM İMAMLARIN (Ə) BÜTÜN İNSANLARDAN, İSLAM PEYĞƏMBƏRİ (S) MÜSTƏSNA OLMAQLA, BAŞQA PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜNÜ SÜBUT EDƏN AYƏLƏR


Şiə və bəzi əhli-sünnə firqələrinin alimləri məsum imamların (ə), xüsusilə imam Əmirəlmöminin Əlinin (ə) fəzilətini sübut etmək üçün Qurani-Kərimin bir çox ayələrinə istinad etmişlər ki, biz burada onların bir neçəsinə toxunacağıq:

A) HƏZRƏT İBRAHİMİN İMAMƏTİ İLƏ BAĞLI MÜBARƏK AYƏ

Qurani-Kərimdə buyurulur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“(Ya Peyğəmbər!) Xatırla o zamanı ki, İbrahimi öz Rəbbi müxtəlif sözlərlə (müxtəlif vasitələrlə) imtahana çəkdi və o, imtahanları gözəl şəkildə yerinə yetirdi (onların öhdəsindən layiqincə gəldi). Bu zaman Allah ona buyurdu: “Səni insanlara imam təyin etdim!” İbrahim “Mənim nəslimdən də (imamlar seç)!” – dedikdə, Allah buyurdu: “Mənim əhdim (imamlıq məqamı) heç vaxt zalımlara çatmaz! (Bu məqama yalnız sənin pak və məsum övladların layiqdirlər!)” [2]
Bu ayə həzrət İbrahimin (ə) həyatının ən parlaq çağlarını, yəni ağır sınaqları və onun imtahanlardan qələbə ilə başıuca çıxmasını göstərir. Elə imtahanlar ki, İbrahimin (ə) əzəmət, məqam və şəxsiyyətini, varlığının dəyərini tamamilə aydınlaşdırır. O, bu imtahandan müvəffəqiyyətlə çıxdıqdan sonra Allah ona müəyyən bir mükafat verməli idi. Buna görə də buyurdu: “Mən səni insanlara imam və rəhbər təyin etdim.” Həzrət İbrahimin imtahanları bunlardan ibarət idi:
1. Ürəyinin parası olan övladını qurbangaha aparması və Allahın əmri ilə onu qurban kəsmək üçün ciddi hazırlaşması;
2. Ailə-uşağından keçib, onları bir nəfərin belə yaşamadığı Məkkənin susuz və yandırıcı torpağında tək-tənha qoyması;
3. Babil bütpərəstlərinə qarşı şücaətlə qiyam edib bütlərini sındırması, tarixi mühakimədə şücaətlə özünü müdafiə etməsi, odun içinə atılması və bütün bu mərhələlərdə son dərəcə soyuqqanlıqla kamil iman nümayiş etdirməsi;
4. Müqəddəs vəzifəsini yerinə yetirmək üçün bütpərəstlərin yaşadığı diyardan ucqar məkanlara köçməsi.
Doğrudan da, bu imtahanların hər biri öz növbəsində çox ağır və çətin idi. Amma həzrət İbrahim (ə) iman və səbir qüvvəsilə onların öhdəsindən gələrək imamət məqamına nail oldu.
Sözügedən ayədən qısa şəkildə başa düşülür ki, həzrət İbrahim (ə) yalnız bütün imtahanlardan və sübuta yetirdiyi ləyaqətlərdən sonra bu məqamı kəsb etmişdir. Bu isə, o həzrətin təkamül yolunun son zirvəsidir. Demək, tam qətiyyətlə deməliyik ki, imamət çox yüksək, hətta risalət və peyğəmbərlikdən də üstün bir məqamdır. Həzrət İbrahim (ə) ağır imtahanlardan şərəflə çıxdıqdan sonra Allah tərəfindən bu böyük məqama layiq görüldü. Yeri gəlmişkən, ayədən məlum olur ki, imam (xalqın hərtərəfli məsum rəhrəbi) mütləq Allah tərəfindən seçilməlidir. Çünki:
1. İmamət bir növ ilahi əhd-peymandır və aydındır ki, belə bir şəxsi Allah təyin etməlidir. Çünki o, əhd-peymanı bağlayan qarşı tərəfdir.
2. Zülm edən şəxslər, özünə və ya başqalarına zülm etməklə həyatlarında qara ləkələr yaradanlar, hətta bir an belə bütə sitayiş edənlər imamətə layiq deyillər. İmam bütün ömrü boyu günah və çirkinliklərdən uzaq və məsum olmalıdır.
Görəsən, Allahdan başqa bu sifətin kimdə olub-olmadığını kim bilir? Bu ölçü ilə İslam Peyğəmbərinə (s) canişin təyin etmək istəsək, imam Əmirəlmöminin Əlidən (ə) başqasını tapa bilmərik. [3] O həzrət Allah tərəfindən imam təyin edildiyi üçün bütün məxluqatdan, o cümlədən, peyğəmbərlərdən üstün və fəzilətlidir.

B) MÜBARƏK “MÜBAHİLƏ” AYƏSİ

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ
“(Ya Peyğəmbər!) Hər kəs sənə (İsa haqqında) elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahın lənətini qərar verək.” [4]
Bu ayə Peyğəmbərin (s) Əhli-beytinin – Əli, Fatimə, Həsən və Hüseynin (ə) yüksək məqamını göstərən ən aydın və möhkəm dəlildir. Ayədəki “ənfüsəna” (özümüz) sözündə məqsəd, şübhəsiz ki, təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyildir. “Özümüzü dəvət edək” – ibarəsində yalnız Peyğəmbər (s) nəzərdə tutulsa, onda, insanın özü-özünü dəvət etməsi mənasız olacaqdır. Çünki insanın özü-özünü müəyyən bir işə dəvət etməsi qeyri-mümkündür. Dəvət dedikdə, başqasını bir işə dəvət etmək nəzərdə tutulur. Buna əsasən, ayədə qed olunan “ənfüsəna” (özümüzdən) sözündə məqsəd başqa bir şəxsdir. O da, yalnız imam Əlidir (ə)! [5]
Buradan belə nəticəyə gəlirik:
1. İmam Əli (ə) Peyğəmbərin (s) özü kimidir.
2. Peyğəmbəri-Əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidir.
3. Əgər Peyğəmbəri-Əkrəm (s) bütün peyğəmbərlərdən üstün və fəzilətlidirsə, imam Əli (ə) də onların hamısından fəzilətlidir.
4. Nəticədə, on iki imam Peyğəmbəri-Əkrəmdən (s) başqa bütün peyğəmbərlərdən fəzilətlidir.
Təfsirçilərin mülahizələrinə nəzər saldıqda, bu ayənin imam Əlinin (ə) İslam Peyğəmbərindən (s) başqa, bütün peyğəmbərlərdən üstünlüyünə necə dəlalət etməsi məlum olur. İmam Əlinin (ə) üstünlüyü sübuta yetirildikdə, təbii ki, digər məsum iamaların (ə) da onlardan üstünlüyü sübuta yetəcəkdir. Şiə sxolostlarının çoxu ayəni belə təhlil və təfsir etmişlər.

2. MƏSUM İMAMLARIN (Ə) BÜTÜN İNSANLARDAN ÜSTÜNLÜYÜNÜ SÜBUT EDƏN HƏDİSLƏR

Alimlər imam Əmirəlmöminin Əlinin (ə) bütün insanlardan, xəlifələrdən, hətta peyğəmbərlərdən üstünlüyünü sübut etmək üçün bir sıra aşkar və sənədli hədislərə istinad etmişlər. Buna “mənzilət”, “vilayət”, “üxüvvət” (qardaşlıq), “məhəbbət”, “vəsiyyət”, “qızardılmış quş”, “təəhhüd” və s. hədisləri misal göstərmək olar. Biz isə burada onların iki nümunəsini qeyd etməklə kifayətlənirik:

A) İMAM ƏLİNİN (Ə) İNSANLARDAN ÜSTÜNLÜYÜ


1. “TEYR” (QUŞ) HƏDİSİ

“Əl-müstədrəkü ələs-səhiheyn” kitabında belə yazılır: “Peyğəmbər (s)-in uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə birlikdə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı və Ənəs narahat olub dedi: “Bu kimdir, belə danışır? Məni əyləşdirin!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: “Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbu Talibin (ə) haqqında pis fikirdəsən? Mühəmməd (s)-i peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbər (s)-in xidmətçisi olmuşam. Hər gün ənsar cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: “Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: “Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Bu zaman Peyğəmbər (s) əlini göyə qaldırıb belə dua etdi:

اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ
“İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”
Bu vaxt evin qapısı döyüldü. Mən öz-özümə dedim: “Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda, Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi vardır (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapını döydü. Yenə də sözümü təkrarlayıb, qapını bağladım. Üçüncü dəfə qapını döydükdə, Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyildir!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: “Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.”
Məhəmməd ibn Həccac dedi: “Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”
Ənəs dedi: “Bəli!”
Bu vaxt Həccacın oğlu dedi: “Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və kimin də ona irad tutduğunu görsəm, onun abır-həyasını aparacağam!” [6]
Əllamə Hilli yazır: “Bu rəvayət “təvatür” həddinə çatmış, həm şiə, həm də sünnilər arasında məşhur rəvayətlərdəndir. [7]
Bu rəvayətdən aydın şəkildə başa düşülür ki, imam Əmirəlmöminin Əli (ə) yaradılmışlar içərisində Allahın ən sevimli bəndəsidir. Hədisin davamı Peyğəmbərin (s) digər insanlar kimi öz yaxın adamlarına məhəbbətini göstərir. Demək, Allahın və Peyğəmbərin (s) yanında ən sevimli şəxs, sözsüz ki, bütün insanlardan, o cümlədən, peyğəmbərlərdən üstün və fəzilətli olmalıdır.
İmam Əmirəlmöminin Əlidən (ə) “mütəvatir” şəkildə nəql olunur ki, Ömərin vəfatından sonra təşkil olunan xilafət şuarsında öz fəzilətini sübut etmək üçün bu rəvayətə istinad edərək buyurdu:

انشُدُكُم بالله هَل فيكُم أحَدٌ قالَ لَهُ رَسولُ الله (ص) اَللّهُمَّ ائتِ منِي بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ فَجاءَ أحَدٌ غَيرى فَقالوا اَللّهُمَّ لا فَقالَ اَللّهُمَّ اشْهَدْ
“Sizə Allahı and verirəm, (deyin, görüm,) sizin aranızda elə bir kəs varmı ki, Peyğəmbəri-Əkrəm (s) onun haqqında belə buyursun?: “İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!” Məgər məndən başqası gəldimi?” Hamı dedi: “Allahı şahid tuturuq ki, xeyr!” Həzrət buyurdu: “İlahi, Özün şahid ol ki, hamı onun doğruluğunu etiraf etdi.”

2. “MƏHƏBBƏT” HƏDİSİ

قال والَّذى نَفْسى بيدِهِ لَاُعْطِيَنَّ الرّايَةَ رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ لَيس بفَرّارٍ يَفْتَحَ اللهُ عَلَى يَدِهِ و أرسَلَ إلىَّ و أنا أرمَدُ و تَفَلَ فى عَينِى و قال اَللّهُمَّ اكْفِهِ أذَى الحَرِّ و البَرْدِ فَما وَجَدْتُ بَعْدَهُ حَرَاً و لا بَرْداً
“Canım əlində olan Allaha and olsun! Bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah və Peyğəmbərini sevir, həm də Allah və Peyğəmbəri onu sevirlər. O, heç vaxt müharibə meydanından qaçmaz. Allah-taala yəhudilərin qalasını (Xeybər qalası) onun əli ilə fəth edəcək.” Bu zaman bir nəfəri mənim yanıma göndərdi. Mənim gözüm ağrıyırdı. Həzrət ağzının suyunu gözümə sürtüb buyurdu: “Allah onu isti və soyuğun çətinliyindən qorusun!” Ondan sonra isti və soyuq mənə təsir etmədi və göz ağrısına da düçar olmadım.” [8]
Bəzi rəvayətlərdə “qədən” (sabah) sözü də işlənmişdir. Halbuki İslam Peyğəmbəri (s) “Xeybər” qalasını fəth etmək üçün birinci Əbu Bəkri, sonra isə Öməri göndərdi. Onlar bu işə müvəffəq olmadıqda, imam Əlini (ə) göndərməyi qərara aldı.
İbn Hişam bu hədisin imam Əlinin (ə) fəziləti haqda olduğunu bildirib yazır: “Sələmət ibn Əmr Əkvə dedi: “Bir gün Peyğəmbəri-Əkrəm (s) ağrəngli müharibə bayrağını Əbu Bəkrə verib, “Xeybər” qalalarından birini fəth etməyə göndərdi. Lakin o, qalanı fəth etmədən geri qayıtdı. Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o, Allah və Peyğəmbərini sevir, həm də Allah və Peyğəmbəri onu sevirlər. Allah-taala yəhudilərin qalasını (Xeybər qalası) onun əli ilə fəth edəcək. O, heç vaxt meydandan qaçmayacaq.” Ertəsi gün Peyğəmbər (s) Əlini çağırdı. Onun gözü bərk ağrıyırdı. Peyğəmbər (s) ağız suyunu onun gözünə sürtüb buyurdu: “Bu bayrağı tut və hücum et ki, Allah (qalanı) sənin üçün fəth etsin.” [9]
Beləliklə, müddəamızı isbat etmək üçün belə deməliyik: “İmam Əmirəlmöminin Əli (ə) Allah dərgahında insanların ən sevimlisidir. Allah dərgahında ən sevimli şəxs insanların ən fəzilətlisi və üstünüdür. Belə isə imam Əli (ə) insanların ən fəzilətlisi və üstünüdür. Bütün məsum imamlar (ə) yeganə nur olduqları üçün insanların ən fəzilətlisidirlər.

B) DİGƏR İMAMLARIN İNSANLARDAN ÜSTÜNLÜYÜ

Bir sıra rəvayətlər də digər imamların İslam Peyğəmbərindən (s) başqa, bütün insanlardan fəzilətli olduğunu bəyan edir. Əllamə Məclisi “Biharül-ənvar” kitabında “imamların (ə) bütün insanlar və peyğəmbərlərdən üstünlüyü, onlar üçün mələklər və insanlardan əhd-peymanın alınması, eləcə də “ulul-əzm peyğəmbərlər yalnız onlara məhəbbət bəsləməklə bu məqama nail olmuşlar” – ünvanı altında Peyğəmbəri-Əkrəmdən (s) səksən səkkiz rəvayət nəql edir ki, onların bir neçəsini qeyd etməklə kifayətlənir. [10]
1. “Üyunu əxbarir-Riza (ə)” kitabında imam Riza (ə) öz əcdadından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir:

أنتَ يا عَلِيُّ و وُلْدُكَ خِيَرَةُ اللهِ مِنْ خَلْقِهِ
“Ey Əli, sən və övladların Allahın məxluqatı içərisində seçilmişlərisiniz.” [11]
2. “Əl-xisal” kitabında imam Cəfər Sadiqin (ə) öz atasından, onun da ulu babası imam Əli ibn Əbu Talibdən (ə), onun da Peyğəmbəri-Əkrəmdən belə buyurduğu nəql olunur:

يا عليُّ إنَّ الله عزَّ و جَلَّ أشرَفَ عَلي الدُّنيا فَاختارَنى مِنْها علَى رِجالِ الْعالَمينَ ثُمَّ اطّلَعَ الثّانِيَةَ فَاخْتارَكَ عَلَى رِجالِ العالَمينَ بَعْدى ثُمَّ اطَّلَعَ الثّالثَةَ فَاخْتار الْأئمَةَ مِن وُلْدِكَ عَلَى رِجالِ الْعالَمينَ بَعْدَكَ ثُمَّ اطَّلَعَ الرّابِعَةَ فَاختارَنى فاطِمَةَ علَى نِساء الْْعالَمينَ
“Ey Əli, mütəal Allah dünyaya nəzər salıb, dünyanın bütün kişiləri içərisindən məni seçdi. İkinci dəfə nəzər saldıqda, məndən sonra dünya kişiləri içərisindən səni seçdi. Üçüncü dəfə övladlarından olan imamları dünya kişiləri içərisindən seçdi. Dördüncü dəfə isə Fatiməni bütün dünya qadınları içərisindən seçdi.” [12]
3. İmam Riza (ə) öz ata-babalarından Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql etmişdir:

ألْحَسنُ والْحُسَينُ خَيرُ أهْلِ الْأرضِ بَعْدى و بَعْدَ أبيهما وَ أُمُّهُما أفْضَلُ نِساءِ أهْلِ الْأرْض.
“Həsən və Hüseyn məndən və atasından sonra yer əhlinin, anası isə yer üzünün qadınlarının ən yaxşısıdır.” [13]
4. İmam Həsən Əskəriyə (ə) mənsub “Təfsir” kitabında nəql olunur ki, həzrət Musa (ə) mütəal Allaha dedi:

يا رَبِّ فإن كان مُحَمَّدٌ أكْرَمَ عِنْدَكَ مِنْ جَميعِ خَلْقِكَ فَهَلْ فِى آلِ الْأنْبِياء أكْرَمُ مِنْ آلى قالَ اللهُ جَلَّ جَلالُهُ يا موسَى أما عَلِمتَ أنْ فَضْلَ آلِ مُحَمَّدٍ عَلَى جَميعِ آلِ النَّبيّينَ كَفَضلِ مُحَمَّدٍ عَلَى جَميعِ الْمُرْسَلين.
“İlahi! Əgər Mühəmməd Sənin dərgahında bütün məxluqatdan əzizdirsə, peyğəmbərlərin övladları içərisində mənim övladlarımdan əziz olanı varmı?” Allah-taala buyurdu: “Musa! Bilmirsənmi ki, Mühəmmədin övladlarının bütün peyğəmbərlərin övladlarından üstünlüyü Mühəmmədin peyğəmbərlərdən üstünlüyü kimidir?” [14]
5. Hüzeyfə ibn Üseyd bir rəvayətdə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

ما تَكامَلَت النُّبُوّةُ لِنَبِيٍّ فِى الْأظِلَّةِ حَتّى عُرِضَتْ عَلَيْهِ وَلايَتِى وَ وَلايَةُ أهْلِ بَيْتِى وَ مَثَلوا لَهُ فَأقَرُّوا بِطاعَتِهِمْ وَلايَتِهِم.
“Heç bir peyğəmbərin peyğəmbərliyi aləmdə mənim və Əhli-beytimin vilayəti, onların timsalı ona təqdim olunmayınca və o da onların itaət və vilayətini iqrar etməyincə təkmilləşmədi.”
Həmçinin Əbdüləla imam Sadiqdən (ə) belə nəql edir:

ما نُبِّئَ نَبِيٌّ قَطُّ إلّا بِمَعْرِفَةِ حَقِّنا وَ بِفَضْلِنا عَلَى مَنْ سِوانا
“Heç bir peyğəmbər haqqı və bizim başqalarından üstünlüyümüzü tanımayınca, peyğəmbərliyə çatmadı.” [15]
Şiələrin fəxt etdiyi bu rəvayətlər İslam mənbələrində qeydə alınan rəvayətlərin kiçik bir hissəsini təşkil edir. Bu haqda əlavə məlumat əldə etmək istəyənlər uyğun mənbələrə müraciət edə bilərlər. Bəli, bu dəlillərə əsasən, şiələr məsum imamları (ə) peyğəmbərlərdən fəzilətli və üstün bilirlər.

3. İMAMLARIN PEYĞƏMBƏRLƏRDƏN ÜSTÜNLÜYÜ HAQDA ALİMLƏRİ NƏZƏRLƏRİ


A) ƏLLAMƏ HİLLİNİ NƏZƏRİ

Məsum imamlar bütün ruhi və cismi kamallara malik olmuşlar. Onlar özləri kamil olduqları kimi, başqalarını da kamilliyə çatdırırlar. Bu da öz növbəsində onların hər birinin ümmətin rəhbərliyi məsələsində başqa insanlardan üstünlüyünü göstərir. Çünki onlar öz zamanında hər bir şəxsdən fəzilətli olmuşdur. Əqlin hökmünə əsasən, “məfzul”u “fazil”dən üstün tutmaq düzgün deyildir.” [16]
Demək, məsum imamların (ə) hökumət və rəhbərlikdə digər insanlardan üstünlüyünə dəlil-sübut onların yaşayış dövründə ən fəzilətli şəxs olduqlarından ibarətdir.

B) MƏRHUM NƏRAQİNİN NƏZƏRİ

Mərhum Nəraqi “Ənisül-müvəhhidin” kitabının “imamət” bölümündə məsum imamların bütün insanlardan fəzilətli olduğunu iddia etmiş və onların imamətin dəlil-sübutunun daha aydın olduğunu söyləmişdir. Bunu onların həm ismət və fəzilətləri, həm də kəramətləri haqda şiə və sünni təriqətilə nəql olunmuş rəvayətlər isbat edir. O, imamların imamətini fəzilət üsulu ilə sübut edərək yazır: “Aydındır ki, onların hər biri öz dövrünün bütün insanlarından fəzilətli olmuşdur. Bunu bütün İslam firqələri yekdilliklə dəlil-sübuta ehtiyac duymadan qəbul edir.”[17]

C) ƏHMƏD TƏBƏRSİNİN “ƏL-EHTİCAC” KİTABINDAKI NƏZƏRİ

“Risaleyi-bahirə dər fəzli itrətit-tahirə” kitabının müəllifi Əhməd Təbərsi yazır:

أنَّ الْمَعْرِفَةَ بِهِمْ كَالْمَعْرِفَةِ يِهِ تَعالَى فِى أنَّها إيمانٌ وَ إسلامٌ وَ إنَّ الْجَهْلَ بِهِمْ وَ الشَّكَّ فِيهِمْ كَالْجَهْلِ بِهِ وَ الشَّكِّ فِيهِ فِى أنَّهُ كُفْرُ وَ خُرُوجٌ مِنَ الْإيمانِ.
“İmamların (ə) digər insanlardan üstünlüyünü sübut edən dəlillərdən biri də budur ki, onları tanımaq Allahı tanımaq kimidir. Çünki tanımaq (mərifət) dedikdə, iman və İslam nəzərdə tutulur. Həmçinin onlara qarşı nadanlıq və onların imamətinə şəkk etmək, sözsüz ki, Allaha qarşı nadanlıq və şəkk deməkdir. Çünki bu nadanlıq küfr və imansızlıqla nəticələnir.” Sonra o, şiə və əhli-sünnədən ibarət “icma”ya istinad etmiş və hətta onu ümmət “icması”na qədər genişləndirərək yazır: “Şafei məzhəbindən başqa heç kim bunu inkar etməmişdir.” Yenə yazır: “Allah-taala bütün qəlblərə ilham etmiş, onların məqam və mənzilətinin yüksəkliyini (əqidə və məzhəb ixtilafı ilə yanaşı) bütün canlarda yerləşdirmişdir.” [18] Demək, imamları (ə) tanımaq eynilə Allahı tanımaq kimidir. Peyğəmbərləri tanımaq isə belə deyildir. Bu da onların uca məqamını aşılayır.

Ç) ƏLLAMƏ MƏCLİSİNİN “BİHARÜL-ƏNVAR” KİTABINDAKI NƏZƏRİ

“Biharül-ənvar” kitabında imamların (ə) bütün peyğəmbərlər və insanlardan üstünlüyü, onlar üçün mələklərdən, insanlardan və (yalnız onlara məhəbbət bəsləməklə “ulul-əzm” məqamına nail olan) peyğəmbərlərdən əhd-peyman alınması haqda Həfsdən bir rəvayət nəql olunur ki, həmin rəvayətdə imam Sadiq (ə) belə buyurmuşdur:

قال موسى يا رَبِّ اجْعَلْنِي مِنْ أُمَّتِهِ فَقالَ لَهُ يا مُوسَى أنْتَ مِنْ أُمَّتِهِ إذا عَرَفْتَ مَنْزِلَتَهُ وَ مَنْزِلَةَ أهْلِ بَيْتِهِ إِنِّ مَثَلَهُ وَ مَثَلَ أَهْلِ بَيْتِهِ فيمَنْ خَلَقْتُ كَمَثَلِ الْفِرْدَوْسِ فى الْجِنانِ لَا يَنْتَشِرُ وَرَقُها وَ لا يَتَغَيَّرُ طَعْمُها فَمَنْ عَرَفَهُمْ وَ عَرَفَ حَقَّهُمْ جَعَلْتُ لَهُ عِنْدَ الْجَهْلِ عِلْماً وَ عِنْدَالظُّلْمَةِ نُوراً أَجِيبُهُ قَبْلَ أنْ يَدْعُونِى وَ أعْطِيَهُ قَبْلَ أنْ يَسْألَنِى
“Həzrət Musa “İlahi, məni Mühəmmədin ümmətindən qərar ver!” – dedikdə, Allah-taala buyurdu: “Onu və Əhli-beytini tanıdığın zamandan sən onun ümmətindənsən. Çünki onun və Əhli-beytinin məxluqat arasında məsəli behiştdə ağacının yarpağı tökülməyən və meyvəsinin dadı dəyişilməyən “Firdovs” bağının məsəlinə bənzəyir. Onların məqam və haqqını tanıyan şəxsi nadanlıqda yolgöstərən və qaranlıqda nur etdik. Mən ona hacətini istəməzdən qabaq cavab verər və istəyini diləməzdən qabaq əta edərəm.” [19]

S) HƏSKANİNİN “ŞƏVAHİDÜT-TƏNZİL” KİTABINDAKI NƏZƏRİ

Həskani “Şəvahidüt-tənzil” kitabında yazır: “Cabir ibn Abdullah Ənsari Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

إنَّ اللهَ جَعَلَ عَليّاً وَ زَوْجته وَ أبنائه حجج الله على خَلْقِهِ وَهُمْ أبْوابُ الْعِلْمِ فِى أُمَّتى مَنِ اهْتَدى إلى صِراطٍ مُسْتَقِيم
“Allah-taala Əlini (ə), zövcəsini və övladlarını insanlara “höccət” (dəlil) seçmişdir. Onlar mənim ümmətim içərisində elm qapılarıdırlar. Onların vasitəsilə hidayəti axtaranlar doğru yola yönələrlər.” [20]
Ən mühüm əhli-sünnə mənbəsində göstərilən bu rəvayət bizim müddəamızı, yəni hidayət imamlarının (ə) bütün insanlardan üstünlüyünü aydın şəkildə sübut edir. Bəli, onlar Allah-taalanın insanlara “höccət”ləridirlər.

NƏTİCƏ

Alimlər imamların peyğəmbərlərdən üstünlüyünü bəyan etmək üçün bir çox ayələrə istinad etmişlər. Onların içərisində “mübahilə” ayəsi və həzrət İbrahimin (ə) imaməti ilə bağlı ayələr nəzərə daha aydın çarpır. Həmçinin İslam Peyğəmbəri (s) müxtəlif yerlərdə imam Əmirəlmöminin Əlinin (ə) şəxsiyyətini tərifləmiş və bir çox rəvayətlərdə onu haqqın meyarı, əməllərin ölçüsü, Allahın sevimlisi və səhabələrin ən fəzilətlisi tanıtdırmışdır. Bizim hədis qaynaqlarımızda İslam Peyğəmbərindən (ə) nəql olunmuş rəvayətlərdə görünən təbirlər digər imamların (ə) da başqalarından üstünlüyünü sübuta yetirir. Şiə alimləri bu məsələ ilə əlaqədar bəzi əhli-sünnə mənbələrində nəql olunmuş ayə və rəvayətlərə əsaslanmaqla, məsum imamların (ə) misilsiz şəxsiyyət və məqamını geniş şəkildə bəyan etmiş və nurlu çöhrələrini gələcək nəsillərə tanıtdırmışlar. Bu istiqamətdə İslamın köklü-əqidəvi üsullarından olan xüsusi imamət üzərində aparılan tədqiqatlardan uyğun məsələ aydın şəkildə açıqlanmış və bütün incəliklərilə haqq-həqiqət ardıcıllarının ixtiyarına verilmişdir.

SON HƏDİS

İslam Peyğəmbəri (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: “Ey Əli, üç xislət imanın nişanələrindəndir: 1. yoxsulluq zamanı bəxşiş; 2. camaatla insafla davranmaq; 3. elm axtarana elm öyrətmək.” [21]
Kitabın adı: Dini suallara cavablar / Müəllif: Tədqiqat qrupu - Tərcümə edən: R. Zevinli

1. “Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid Mötəzili, “Ayətullah Mərəşi Nəcəfinin kitabxanası”, 1404-cü h.q. ilinin çapı, 20-ci cild, səh.221.
2. “Bəqərə” surəsi, ayə: 124.
3. “Təfsiri-nümunə”, 1-ci cild, səh.444.
4. “Ali-İmran” surəsi, ayə: 61.
5. “Təfsiri-asan”, Məhəmmədcavad Nəcəfi, 1398-ci h.q. ili, 1-ci çap, “İslamiyyə” çapı, Tehran, 2-ci cild, səh.309.
6. “Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh.131, “Darul-mərifət” çapı.
7. “Kəşfül-yəqin fi fəzaili Əmirilmuminin (ə)”, Əllamə Hilli, 1-ci çap, 1411-ci h.q ili, “İrşad” nəşriyyatı, Tehran, səh.289.
8. “Elamül-vəra bi-əlamül-hüda”, Şeyx Təbərsi, üçüncü çap, 1390-cı h.q. ili, “İslamiyyə” nəşriyyatı, Tehran, səh.185.
9. “Əs-sirətun-Nəbəviyyə”, Əbdülməlik ibn Hişam Himyəri Məafiri, təhqiq: Müstəfa Səqqa, İbrahim Əbyari və Əbdülhəfiz Şəlbi, Beyrut, “Darul-mərifət”, 2-ci cild, səh.334.
10. “Biharül-ənvar”, 26-cı cild, 6-cı fəsil, səh.267.
11. “Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, “Cahan” nəşriyyatı, 1378-ci h.q. ili, 2-ci cild, səh.58, hədis: 218.
12. “Əl-xisal”, Şeyx Səduq, 1-ci cild, səh.96.
13. “Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, “Cahan” nəşriyyatı, 1378-ci h.q. ili, 2-ci cild, səh.58, hədis: 218.
14. “Təfsiri-imam Həsən Əskəri (ə)”, “İmam Məhdi (ə) mədrəsəsi” nəşriyyatı, Qum, 1409-cu h.q. ili, səh.11.
15. “Bəsairüd-dərəcat”, Məhəmməd ibn Həsən ibn Fərrux Səffar, “Ayətüllah Mərəşi Nəcəfinin kitabxanası” nəşriyyatı, Qum, 1404-cü h.q. ili, səh.51.
16. “Kəşful-murad fi şərhi təcridil-etiqad”, Əllamə Hilli, 11-ci çap, 1427-ci h.q ili, səh.540.
17. “Ənisül-müvəhhidin”, Məhəmmədmehdi Nəraqi, “Əzza” nəşriyyatı, birinci çap, 1363-cü h.ş. ili, səh.215 və 220.
18. “Əl-ehticacu əla əhlil-lücac”, Əhməd ibn Təbərsi, “Mürtəza” nəşriyyatı, Məşhəd, birinci çap, 1403-cü h.q. ili, 2-ci cild, səh.506.
19. “Biharül-ənvar”, “Əl-vəfa” müəssisəsi, Beyrut, Livan, 1404-cü h.q. ili, 2-ci cild, səh.68.
20. “Şəvahidüt-tənzil li-qəvaidit-təfzil”, Übeydullah ibn Əhməd Həskani, səh.76, hədis: 89.
21. “Biharül-ənvar”, 74-cü cild, səh.44.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
7+10 =