Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR BEŞLİK NAMAZI ÜÇ VAXTDA QILIRLAR?


Cavab: Əvvəlcə məsələnin aydın olması üçün fəqihlərin bu barədəki nəzərlərini qeyd edirik:
1. Bütün İslam məzhəbləri bu məsələdə yekdil nəzərə malikdirlər ki, “Ərəfə”də hər iki namazı – günorta və ikindi namazını günorta vaxtı birlikdə, arada fasilə salınmadan qılmaq olar. Həmçinin “Müzdəlifə”də də şam və xiftən namazlarını vaxtında qılmaq caizdir.
2. Hənəfilər deyirlər: Günorta və ikindi, şam və xiftən namazını bir vaxtda (arada fasilə salmadan) qılmaq yalnız Ərəfədə və Müzdəlifədə caizdir, sair hallarda isə caiz deyildir.
3. Hənbəlilər, malikilər və şafeilər deyirlər: Günorta ilə ikindi, şam ilə xiftən namazlarını xüsusi bir vaxtda bir yerdə qılmaq qeyd olunan iki yerdən başqa, səfər halında da caizdir. Onlardan bəziləri iki namazı birlikdə qılmağı zərurət halına (məsələn, yağış yağanda, namaz qılan şəxs xəstə olanda, yaxud düşməndən qorxu törənəndə) aid edərək caiz bilmişlər.1
4. Şiələr inanırlar ki, günorta və ikindinin, eləcə də şam və xiftən namazlarının həm xüsusi, həm də müştərək vaxtları vardır:
a) Günorta namazının xüsusi vaxtı şəri günortadan (günəşin şaquli vəziyyətdən qərbə tərəf keçdiyi zamandan) dörd rükətlik namaz qılına biləcək vaxt keçənə qədərdir. Bu məhdud müddətdə yalnız günortanı qılmaq olar.
b) İkindi namazının xüsusi vaxtı o zamandır ki, qüruba qədər ikindi namazını qılmaq qədər vaxt qalmış olsun.
v) Günorta ilə ikindi namazı arasında müştərək vaxt, günorta namazının xüsusi vaxtının axırından başlanır və ikindi namazının xüsusi vaxtının əvvəlinə qədər davam edir.
Şiələrin əqidəsi budur ki, bu müştərək vaxtın bütünlüyündə günorta və ikindi namazlarını birlikdə və arada fasilə salmadan qılmaq olar. Lakin sünnilər inanırlar ki, şəri günortanın əvvəlindən hər bir şeyin kölgəsinin onun özü qədər oluncaya qədər vaxt günortanamazına məxsusdur və bu müddətdə ikindi namazını qılmaq olmaz. Ondan sonra şama qədər ikindi namazına məxsusdur və günorta namazını həmin vaxtda qılmaq olmaz.
q) Şam namazının məxsus vaxtı şəri qürubdan başlanır və üç rükətlik namaz qılmaq qədər vaxt keçənə qədər davam edir. Bu məhdud müddətdə yalnız şam namazını qılmaq olar.
d) İşa namazının məxsus vaxtı şəri cəhətdən gecə yarısına yalnız xiftən namazını qılmaq qədərində vaxt qalana qədərdir. Bu qısa müddətdə yalnız xiftən namazını qılmaq olar.
e) Şam və xiftən namazları arasında müştərək olan vaxt. Bu, şam namazına məxsus vaxtdan başlayır və xiftən namazının məxsus vaxtına qədər davam edir.
Şiələr inanırlar ki, bu müştərək müddət ərzində şam və xiftən namazlarını birlikdə, arada fasilə salmadan qılmaq olar. Lakin sünnilər deyirlər ki, qürubun əvvəlindən şamdakı şəfəqin aradan getdiyi vaxta qədər şam namazına məxsusdur və bu müddətdə xiftən namazı qılına bilməz. Şəfəqin aradan getdiyi vaxtdan şəri gecə yarısına qədər xiftən namazına məxsusdur və bu vaxt ərzində şam namazını qılmaq olmaz.
Nəticə budur ki, şiənin nəzərinə əsasən, şəri günorta çatdığı zaman həm günorta namazını qılıb ardınca da ikindini qılmaq olar, həm də günorta namazını ikindi namazının məxsus vaxtının əvvəllərinə qədər təxirə salmaq və günortanı, ikindi namazının xüsusi vaxtı çatmamışdan sona çatdırıb bundan sonra ikindi namazını qılmaq olar. Beləliklə, günorta və ikindi namazları arasında fasilə salınmır, baxmayaraq ki, günorta namazını günorta daxil olandan sonra, ikindi namazını isə hər bir şeyin kölgəsi onun özü qədər olduğu vaxt qılmaq müstəhəbdir.
Həmçinin şəri qürub zamanı şam namazını qılıb, ardınca da xiftən namazını qıla bilərik. Ya da şam namazını xiftən namazının xüsusi vaxtlarına yaxın bir vaxta qədər təxirə salaraq, xiftən namazının xüsusi vaxtı çatmadan şam namazını qılıb qurtarmalı, sonra xiftən namazını qıla bilərik. Beləliklə, şam və xiftən namazlarını bir yerdə qılmış oluruq. Amma müstəhəbdir ki, şam namazı şəri qürubdan sonra, xiftən namazı da şamdakı şəfəq saraltısı aradan gedəndən sonra qılınsın.
Bu, şiənin nəzəridir, lakin sünnilər günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılmağı mütləq şəkildə, heç bir yerdə və heç bir vaxtda caiz bilmirlər. Deməli, münaqişəli məsələ iki namazın hər bir zamanda və hər bir məkanda birlikdə qılınmasıdır, belə ki, hər iki namaz onlardan birinin əda vaxtında qılınmış olsun (məsələn, Ərəfə və Müzdəlifədəki iki namaz kimi).
5. Bütün müsəlmanlar bu barədə yekdil fikirdədirlər ki, Peyğəmbər (s) iki namazı bir yerdə qılmışdır, lakin bu rəvayətin təfsirində iki nəzər vardır:
a) Şiələrin nəzərinə görə məqsəd budur ki, günorta namazının ilk vaxtlarında (əlbəttə, günorta namazını qılından sonra) ikindi namazını, həmçinin şam namazının ilk vaxtlarında (şam namazını qıldıqdan sonra) xiftənı də qılmaq olar. Bu məsələ hər hansı xüsusi bir məkan, zaman, yaxud şəraitlə bağlı deyildir, hər bir yerdə və hər bir vaxtda caizdir.
b) Digərləri isə deyirlər ki, rəvayətdə məqsəd budur ki, günorta namazı onun axır vaxtında, ikindi namazı da onun əvvəl vaxtında, eləcə də şam namazı onun axır vaxtında, xiftən namazı isə əvvəl vaxtında qılınmalıdır.
Məsələnin aydın olması üçün bu barədə mövcud rəvayətləri araşdıracaq və isbat edəcəyik ki, bu hədislərdə ardıcıl qılmaq dedikdə məqsəd şiənin nəzəridir. Yəni iki namazı onlardan birinin vaxtında qılsınlar, nəinki onlardan birini axır vaxtda, digərini isə əvvəl vaxtda.
İndi rəvayətləri qeyd edirik:
1. Hənbəlilərin rəisi Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Cabir ibn Zeydin belə rəvayət etdiyini yazır:

اَخْبَرَنِي جَابِرُ بْنُ زَيْدٍ اَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ يَقُولُ صَلَّيْتُ مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ ثَمَانِيًا جَمِيعًا وَ سَبْعًا جَمِيعًا قَالَ قُلْتُ لَهُ يَا اَبَا الشَّعْثَاءِ اَظُنُّهُ اَخَّرَ الظُّهْرَ وَ عَجَّلَ الْعَصْرَ وَ اَخَّرَ الْمَغْرِبَ وَ عَجَّلَ الْعِشَاءَ قَالَ وَ اَنَا اَظُنُّ ذلِكَ
“Cabir ibn Zeyd deyir: İbn Abbasın belə dediyini eşitdim: Peyğəmbər (s)-lə səkkiz rükəti (günorta ilə ikindi) və yeddi rükəti (şamla xiftəni) birlikdə qıldıq. O deyir ki, Əbu Şəsaya dedim: Mən belə fikirləşirəm ki, Peyğəmbər günorta namazını təxirə saldı və ikindi namazını tez qıldı, eləcə də şam namazını təxirə saldı və xiftən namazını tez qıldı. (Əbu Şəsa) dedi: Mən də belə fikirləşirəm.”2
Bu rəvayətdən aydın olur ki, Peyğəmbəri-Əkrəm (s) hər iki namazı: günorta ilə ikindini, eləcə də şamla xiftəni arada fasilə salmadan birlikdə qılmışdır.
2. Əhməd ibn Hənbəl Abdullah ibn Şəqiqdən aşağıdakı rəvayəti nəql edir:

خَطَبَنَا اِبْنُ عَبَّاسٍ يَوْمًا بَعْدَ الْعَصْرِ حَتَّي غَرُبَتِ الشَّمْسُ وَ بَدَتِ النُّجُومُ وَ عَلَّقَ النَّاسُ يُنَادُونَهُ الصَّلَوةُ وَ فِي الْقَوْمِ رَجُلٌ مِنْ بَنِي تَمِيمٍ فَجَعَلَ يَقُولُ الصَّلَوةَ الصَّلَوةَ قَالَ فَغَضِبَ قَالَ اَتُعَلِّمُنِي بِالسُّنَّةِ؟ شَهِدْتُ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ، وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ قَالَ عَبْدُ اللّهِ فَوَجَدْتُ فِي نَفْسِي مِنْ ذلِكَ شَيْئًا فَلَقِيْتُ اَبَا هُرَيْرَةَ فَسَاَلْتُهُ فَوَافَقَهُ
“Bir gün İbn Abbas ikindi namazından sonra bizim üçün o qədər çıxış etdi ki, günəş batdı, ulduzlar göründü, camaat “Namaz! Namaz” deyə səsləndilər. Bu zaman Bəni-Səlim qəbiləsindən bir kişi hey namaz kəlməsini təkrarlayırdı. İbn Abbas qəzəblənib dedi: Sən mənə Peyğəmbər (s) sünnəsinimi öyrətmək istəyirsən?! Mən özüm şahid idim ki, Peyğəmbər (s) günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılmışdı. Adulah deyir: Mənim üçün bu məsələdə şübhə yarandı, ona görə də Əbu Hüreyrənin görüşünə gedən zaman bu barədə soruşdum. O da İn Abbasın sözünü təsdiqlədi.”3
Bu hədisdə səhabələrdən ikisi – Abdullah ibn Abbas və Əbu Hüreyrə təsdiq etmişlər ki, Peyğəmbər (s) günorta ilə ikindin, şamla xiftəni bir yerdə qılmış, İn Abbas da Peyğəmbəri-Əkrəm (s)-in əməlinə tabe olaraq belə etmişdir.
3. Malikiyyə firqəsinin başçısı Malik ibn Ənəs “Əl-mvəttəə” kitabında belə yazır:

صَلَّي رَسُولُ اللّهِ¸الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيعًا فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
“Rəsuli-Əkrəm (s.ə.v.v) günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılırdı, halbuki nə düşməndən qorxu var idi, nə də səfərdə idi.”4
4. Malik ibn Ənəs Məaz ibn Cəbəldən belə nəql edir:

فَكَانَ رَسُولُ اللّهِ¸يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَ الْْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
“Peyğəmbəri-Əkrəm (s) günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılırdı.”5
5. Malik ibn Ənəs Nafedən, o da Abdullah ibn Ömərdən belə nəql edir:

كَانَ رَسُولُ اللّهِ¸اِذَا عَجَلَ بِهِ السَّيْرُ يَجْمَعُ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
“Hər vaxt Peyğəmbər (s) bir yolu tələsən halda keçsəydi, şamla xiftən namazını birlikdə qılardı.”6
6. Malik ibn Ənəs Əbu Hüreyrədən belə rəvayət edir:

اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ كَانَ يَجْمَعُ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ فِي سَفَرِهِ اِلَي تَبُوك
“Peyğəmbəri-Əkrəm (s) Təbuk yolunda günorta ilə ikindi namazını birlikdə qılırdı.”7
7. Malik Nafedən belə rəvayət edir:

اِنَّ عَبْدَ اللّهِ ابْنَ عُمَرَ كَانَ اِذَا جَمَعَ الْعُمَرَاءُ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فِي الْمَطَرِ جَمَعَ مَعَهُمْ
“Hər vaxt əmirlər şamla xiftən namazını birlikdə qılırdılarsa, Abdullah ibn Ömər də hər iki namazını birlikdə qılırdı.”8
8. Malik ibn Ənəs, Əli ibn Hüseyndən nəql edir:

كَانَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ اِذَا اَرَادَ اَنْ يَسِيرَ يَوْمَهُ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ اِذَا اَرَادَ اَنْ يَسِيرَ لَيْلَهُ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ
“Hər vaxt Peyğəmbər (s) gündüz yol getmək istəsəydi günorta ilə ikindi namazlarını birlikdə qılardı, hər vaxt gecə getmək istəsəydi şamla xiftən namazlarını birlikdə qılardı.”9
9. Məhəmməd Zərqani “Müvəttəə”nin şərhində Əbu Şəsadan belə nəql edir:

اِنَّ ابْنَ عَبَّاسٍ صَلَّي بِالْبَصْرَةِ الظُّهْرَ وَ الْعَصْرَ لَيْسَ بَيْنَهُمَا شَيْءُ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ لَيْسَ بَيْنَهُمَا شَيْءٌ
“Abdullah ibn Abbas Bikindiədə günorta ilə ikindi namazını birlikdə qıldı. Belə ki, onların arasında fasilə salmırdı. Şamla xiftən namazlarını da arada fasilə olmadan qılırdı.”10
10. Zərqani Təbəranidən, o da İbn Məsuddan belə nəql edir:

جَمَعَ النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ بَيْنَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقِيلَ لَهُ فِي ذلِكَ فَقَالَ صَنَعْتُ هذَا لِئَلاّ تَحْرجَ اُمَّتِي
Peyğəmbəri-Əkrəm (s) günorta ilə ikindi, şamla xiftən namazlarını arada fasilə olmadan qıldı. Ondan bu barədə soruşulduqda buyurdu: “Səbəbi budur ki, ümmətim çətinliyə, əzab-əziyyətə düşməsin.”11
11. Müslim ibn Həccac (“Səhihi-Müslim”in müəllifi) Əbu Zübeyrdən, o da Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə rəvayət edir:

صَلَّي رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا بِالْمَدِينَةِ فِي غَيْرِ خَوْفٍ وَ لَا سَفَرٍ
“Peyğəmbər (s) Mədineyi-Münəvvərədə düşməndən heç bir qorxu olmadan, eləcə də səfərdə olmadan günorta ilə ikindi namazını birlikdə qıldı.”12 Sonra İbn Abbas Peyğəmbəri-Əkrəm (s)-in bu işdə məqsədini soruşdu. Həzrət buyurdu: “Ona görə ki, ümmətimdən heç kəsin zəhmətə düşməməsini istəmirəm.”13
12. Müslim özünün “Səhih”ində İbn Cübeyrdən, o da İbn Abbasdan belə rəvayət edir:

جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الَْْصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاء فِي الْمَدِينَةِ مِنْ غَيْرِ خَوْفٍ وَ لا مَطَرٍ
“Peyğəmbəri-Əkrəm (s) Mədineyi-Münəvvərədə günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qıldı. Halbuki nə düşməndən qorxu var idi, nə də yağış yağırdı.”14 Səid ibn Cübeyr sonra deyir: İbn Abbasdan “Peyğəmbər (s) nə üçün belə bir iş gördü?” – deyə soruşdum, dedi: Ona görə ki, ümmətini zəhmətə salmaq istəmirdi.”15
13. Buxari özünün “Səhih” kitabında “təxiruz-zohr iləl-əsr” ünvanlı xüsusi bir bölümü bu məsələ üçün ayırmışdır.16 Bu ünvanın özü də günorta namazını bir qədər təxirə salıb ikindi namazının vaxtında hər ikisini bir yerdə qılmağın caiz olmasına aşkar dəlildir. Sonra Buxari həmin bölmədə aşağıdakı hədisi qeyd edir.

اِنَّ النَّبِيَّ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ صَلَّي بِالْمَدِينَةِ سَبْعًا وَ ثَمَانِيًا الظُّهْرَ وَ الْعَصْرَ وَ الْمَغْرِبَ وَ الْعِشَاءَ
“Peyğəmbər (s) yeddi rükəti (şamla xiftəni) və səkkiz rükəti (günorta ilə ikindini) Mədinədə birlikdə qıldı.”
Bu rəvayətdən aydın olur ki, təkcə günortanı təxirə salıb ikindi namazının vaxtında qılmaq yox, həm də (cümlə quruluşundan məlum olduğu kimi) Peyğəmbəri-Əkrəm (s)-ə tabe olaraq şam namazını da təxirə salıb xiftən namazı ilə birlikdə qılmaq olar.
14. Buna görə də Buxari başqa bir yerdə yazır:

قَالَ اِبْنُ عُمَرَ وَ اَبُو اَيُّوبَ وَ ابْنُ عَبَّاسٍ رَضِيَ اللّهُ عَنْهُمْ صَلَّي النَّبِيُّ صَلَّي اللّهُ عَلَيْهَ آلِهِ˝ وَ سَلَّمَ الْمَغْرِبَ وَ الْعِشَاءَ
“Abdullah ibn Ömər, Əbu Əyyub (Ənsari) və Abdullah ibn Abbas demişlər: Peyğəmbəri-Əkrəm (s) şamla xiftən namazını (arada fasilə olmadan) qıldı.”17
Buxari bu rəvayətdən belə nəticə almaq istəyirdi ki, Peyğəmbər (s) şamla xiftən namazını birlikdə qılmışdır. Çünki onun məqsədi heç də Peyğəmbər (s)-in ümumiyyətlə namaz qılmasını isbat etmək olmamışdır.
15. Müslim özünün “Səhih” kitabında belə yazır:

قَالَ رَجُلٌ لِاِبْنِ عَبَّاسٍ الصَّلَوةَ، فَسَكَتَ ثُمَّ قَالَ الصَّلَوةَ فَسَكَتَ ثُمَّ قَالَ لَا اُمَّ لَكَ اَتُعَلِّمُنَا بِالصَّلَوةِ وَ كُنَّا نَجْمَعُ بَيْنَ الصَّلَاتَيْنِ عَلَي عَهْدِ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ
“Bir nəfər İbn Abbasa dedi: “Namaz!” İbn Abbas bir söz demədi, o kişi yenidən “namaz!” deyə səsləndi. İbn Abbas yenə dinmədi. Üçüncü dəfə “namaz!” dedikdə İbn Abbas dedi: La ümmə lək – anasız qalasan! Mənə namaz öyrətmək istəyirsənmi? Halbuki biz Peyğəmbəri-Əkrəm (s)-lə iki namazı birlikdə qılırdıq.”18
16. Müslim yenə rəvayət edir:

اِنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَْنَ الصَّلَوةِ في سَفْرَةٍ سَافَرَهَا في غَزْوَةِ تَبُوك فَجَمَعَ بيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ قَالَ سَعيدٌ فَقُلْتُ لِابْنِ عَبَّاسٍ مَا حَمَلَهُ عَلي ذلِكَ؟ قَالَ اَرَادَ اَنْ لَا يخْرجَ اُمَّتَهُ
“Peyğəmbər (s) “Təbuk” müharibəsinə gedən zaman günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılırdı. Səid ibn Cübeyr deyir: İbn Abbasdan bunun səbəbini soruşduqda dedi: Peyğəmbəri-Əkrəm (s)-i istəyirdi ki, öz ümmətini çətinliyə, əzab-əziyyətə salmasın.”19
17. Müslim Məazın dilindən belə hekayət edir:

خَرَجْنَا مَعَ رَسُولِ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ في غَزْوَةِ تَبُوك فَكَانَ يصَلّي الظُّهْرَ وَ الْعَصْرَ جَمِيعًا وَ الْمَغْرِبَ وَ الْعِشَاءَ جَميعًا
“Peyğəmbər (s)-lə “Təbuk” müharibəsinə getdik. O həzrət günorta ilə ikindi və şamla xiftən namazlarını birlikdə qılırdı.”20
18. Malik ibn Ənəs “Əl-müvəttəə” kitabında yazır:

عَنِ ابْنِ شَهَابٍ اَنَّهُ سَاَلَ سَالِمَ ابْنَ عَبْدِ اللّهِ هَلْ يْمجَعُ بَينَ الظُّهْرِ وَ الْعَصْرِ في السَّفَرِ؟ فَقَالَ نَعَمْ لَا بَاْسَ بِذلِكَ اَلَمْ تَرَ اِليَ صَلَاةِ النَّاسِ بِعَرَفَةَ؟
“İbn Şəhab Salim ibn Abdullahdan soruşdu: Səfərdə günorta ilə ikindi namazı birlikdə qılınırmı? Cavab verdi: Bəli, eybi yoxdur. Camaatın “Ərəfə” günündəki (“Ərəfat” çölündəki) namazını görmürsənmi?!”21
Qeyd olunmalıdır ki, müsəlmanların “Ərəfə” günündə, “Ərəfat”da günorta ilə ikindinin hər ikisini günorta namazının vaxtında və arada fasilə salınmadan qılmaları caizdir. Burada Salim ibn Abdullah da deyir: Camaat Ərəfatda hər iki namazı birlikdə qıldıqları kimi, Ərəfatdan başqa yerlərdə də onları birlikdə qıla bilərlər.
19. Müttəqi Hindi “Kənzul-ummal” kitabında yazır:

قَالَ عَبْدُ اللّهِ جَمَعَ لَنَا رَسُولُ اللّهِ¸ مُقِيمًا غَيْرَ مُسَافِرٍ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ فَقَالَ رَجُلٌ لِابْنِ عُمَرَ لِمَ تَريَ النَّبِيَّ ¸ فَعَلَ ذلِكَ؟ قَالَ لِاَنْ لَا يحْرجَ اُمَّتهُ اِنْ جَمَعَ رَجُلٌ
Abdullah ibn Ömər deyir: “Peyğəmbəri-Əkrəm (s) öz yaşayış yerində (vətənində) olduğu, səfərə getmədiyi zaman günorta ilə ikindii, şamla xiftəni birlikdə qılırdı.” Bir nəfər ibn Ömərdən soruşdu: “Nə üçün Peyğəmbər (s) belə bir iş görürdü?” Cavab verdi: “Ona görə ki, əgər bir şəxs iki namazı bir yerdə qılmaq istəyərsə öz ümmətini əzab əziyyətə məşəqqətə salmasın.”22
20. Həmçinin “Kənzul-ummal” kitabında belə oxuyuruq:

عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ جَمَعَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ بِاَذَانٍ وَ اِقَامَتَيْنِ
“Cabir ibn Abdullah deyir: Peyğəmbər (s) günorta ilə ikindi namazlarını bir azan, iki iqamə ilə – birlikdə qıldı.”23
21. “Kənzul-ummal” kitabında yuxarıdakı hədisin davamında belə qeyd olunur:

عَنْ جَابِرٍ اَنَّ رَسُولَ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ غَربَتْ لَهُ الشَّمْسُ بِمَكَّةَ فَجَمَعَ بَيْنَهُمَا بِسَرفٍ
“Cabir ibn Abdullah deyir: Peyğəmbər (s) Məkkədə olan zaman günəş qüruba endi, Sərf məntəqəsinə24 çatdıqda şamla xiftən namazını birlikdə qıldı.”25
22. “Kənzul-ummal” kitabında ibn Abbasdan belə rəvayət olunur:

جَمَعَ رَسُولُ اللّهِ صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ˝ وَ سَلَّمَ بَيْنَ الظُّهْرِ وَ الْعَصْرِ وَ الْمَغْرِبِ وَ الْعِشَاءِ بِالْمَدينَةِ بغَيْرِ سَفَرٍ وَ لَا مَطَرٍ قَالَ قُلْتُ لِابْنِ عَبَّاسٍ لِمَ تَرَاهُ فَعَلَ ذلِكَ؟ قَالَ اَرَادَ التَّوْسِعَةَ عَلَي اُمَّتِهِ
“Peyğəmbər (s) Mədineyi-Münəvvərədə günorta ilə ikindi, şamla xiftən namazlarını birliklə qıldı. Halbuki səfərdə deyildi, yağış da yağmırdı. Ravi deyir: İbn Abbasdan “nə üçün Peyğəmbər (s) iki namazı birlikdə qıldı?” – deyə sual etdikdə cavab verdi: Çünki Peyğəmbəri-Əkrəm (s) istəyirdi ki, ümmətinin əməl və rəftarında genişlik (asanlıq) icad etmiş olsun.”26

NƏTİCƏ

Yuxarıda qeyd olunan rəvayətlərə əsasən? şiənin nəzərindən iki namazın birlikdə qılınmasının səhih olmasını göstərən aşkar dəlilləri yekunlaşdırırıq:
1. İki namazın bir vaxtda (birlikdə) qılınması müsəlmanların işinin asanlaşdırılması və onların əzab-əziyyətə düşməsinin qarşısını almaq üçündür.
Rəvayətlərdən çoxu bu həqiqəti göstərir ki, əgər günorta ilə ikindi, şamla xiftən namazlarının bir yerdə qılınması caiz olmasaydı müsəlmanların işlərində əzab-əziyyət, məşəqqət yaranardı. Buna görə də? Peyğəmbəri-Əkrəm (s) müsəlmanların işlərində bir növ genişlik, asanlıq yaratmış, iki namazı bir vaxtda qılmağa icazə vermişdir. (Bu barədə 10, 16, 19 və 22-ci hədislərə müraciət edə bilərsiniz.) Aydındır ki, əgər bu rəvayətlərdə məqsəd günorta və ikindi namazlarını sünnülərin nəzərində onun axırıncı vaxtına (hər bir şeyin kölgəsinin özü qədər uzanan vaxta) qədər təxirə salıb ikindi namazını onun öz vaxtının əvvəlində qılmaqdırsa – belə ki, hər iki namaz bir-birinin ardınca öz vaxtının daxilində qılınmış olsun– belə bir iş nəinki asanlıq deyil, əksinə həddindən artıq məşəqqət və əzab-əziyyətə səbəb olur. Halbuki iki namazın birlikdə qılınmasında əsas məsələ müsəlmanların işini asanlaşdırmaqdır.
Deməli? məqsəd budur ki, iki namazı, onlardan birini vaxtın axırında, digərini isə vaxtın əvvəlində qılmaq deyil, onların müştərək vaxtlarının hər bir vaxtında, məsələn bu vaxtın əvvəlində, yaxud axırında qılmaq olar.
2. Ərəfədə iki namazın ardıcıl qılınması iki namazın birlikdə qılınmasının keyfiyyətini izah edir.
Bütün İslam firqələri Ərəfədə günorta ilə ikindi namazının birlikdə qılınmasını caiz hesab etmişlər.27 Digər tərəfdən, qeyd olunan rəvayətlərdən bəziləri bu mənanı təkidləndirir ki, iki namazı bu cür qılmaq başqa yerlərdə də Ərəfədə olduğu kimidir. Bu nəzərdən Ərəfə günləri ilə sair günlər arasında, Ərəfat diyarı ilə sair yerlər arasında heç bir fərq yoxdur. (Bu barədə 18-ci hədisə müraciət edə bilərsiniz.)
Deməli, bütün müsəlmanların fikir birliyinə əsasən, günorta və ikindi namazlarını Ərəfədə günortaün vaxtında qılmaq caiz olduğu kimi Ərəfədən başqa yerlərdə də belə etmək olar.
3. Səfərdə iki namazın bir yerdə qılınması iki namazın ardıcıl qılınma keyfiyyətini bəyan edir.
Digər tərəfdən, hənbəli, maliki və şafei fəqihləri səfərdə iki namazı fasiləsiz qılmağı caiz bilmişlər. Həmçinin qeyd olunan rəvayətlər göstərir ki, bu məsələdə səfərlə qeyri-səfər arasında heç bir bir fərq yoxdur və Peyğəmbər (s) həm səfərdə, həm də vətəndə olduğu zaman iki namazı birlikdə qılarmış. (Bu barədə 3, 11, 13, 19 və 22-ci hədislərə baxa bilərsiniz.) Deməli, səfərdə iki namazı bir vaxtda qılmaq caiz olduğu kimi, (şiələrin dediyi kimi) səfərdən qeyri hallarda da caizdir.
4. Zərurət halında iki namazın birlikdə qılınması ixtiyar halında iki namazı birlikdə qılmağın keyfiyyətini bəyan edir.
“Səhih” və “Müsnəd” kitablarında mövcud olan çoxlu rəvayətlər bu həqiqəti göstərir ki, Peyğəmbər (s) və o həzrətin səhabələri zərurət halında, o cümlədən yağış yağanda, düşməndən təhlükə törənəndə, yaxud xəstəlik vaxtında şiələrin dediyi kimi iki namazı birlikdə, bir vaxtda qılırmışlar. Buna görə də müxtəlif İslam firqələrindən olan fəqihlərin çoxu bəzi zərurət hallarında bu işin caizliyi barəsində fətva vermişlər, halbuki qeyd olunan rəvayətlər aşkar şəkildə göstərir ki, bu cəhətdən də zərurətlə başqa hallar arasında heç bir fərq yoxdur. Peyğəmbər (s) də yağış yağmayan, düşməndən qorxu olmayan hallarda iki namazı birlikdə qılmışdır. (Bu barədə 3, 11, 12, 22-ci hədislərə baxa bilərsiniz.)
5. Peyğəmbər (s) səhabələrinin əməl və rəftarları iki namazın birlikdə qılınmasını bəyan edir.
Qeyd olunan rəvayətlər arasında belə bir məsələ ilə qarşılaşırıq ki, Peyğəmbər (s) səhabələrindən çoxu iki namazı bir vaxtda, fasilə olmadan qılmışlar. Belə ki, Abdullah ibn Abbas şam namazını təxirə salaraq hava tam qaralandan, ulduzlar çıxandan sonra başqalarının “namaz!”, “namaz!” deyə fəryadlarına baxmayaraq onlara etina etməmiş, nəhayət gecədən bir qədər keçdikdən sonra şamla xiftən namazını birlikdə qılmışdır, etiraz edənlərin cavabında isə “mən özüm şahid idim ki, Peyğəmbər (s) də belə namaz qılırdı” – demiş, Əbu Hüreyrə də onun sözünü təsdiqləmişdir. (Bu barədə 2, 7, 9, 15-ci rəvayətlərə baxa bilərsiniz.)
Qeyd olunan rəvayətlərə əsasən, heç bir şəkk-şübhəyə yer qalmır ki, ibn Abbas şiələrin etiqadı əsasında iki namazı bir vaxtda qılmışdır.
6. Peyğəmbəri-Əkrəm (s)-in əməl və rəftarı iki namazın birlikdə qılınmasını bəyan edir.
21-ci hədisdən aydın olur ki, Peyğəmbəri-Əkrəm (s) şam zamanı hələ Məkkədə idi. O, şam namazını təxirə saldı, nəhayət Məkkədən doqquz mil məsafədə yerləşən Sərf məntəqəsində hər iki namazı birlikdə, bir vaxtda qıldı. Halbuki əgər o həzrət şamin əvvəlində Məkkə şəhərindən hərəkət etmiş olsaydı belə, nəqliyyat vasitələrinin yavaş hərəkət etdiyinə görə təbiidir ki, Sərf məntəqəsinə gecədən bir miqdar keçəndə çatmışdı, buna görə də şamla xiftən namazını xiftən namazının vaxtında qılmışdır.
Yuxarıda qeyd olunan və hamısı sünnülərin “Sihah” və “Müsnəd” kitablarından çıxarılan hədislərin məcmusundan şiələrin nəzəriyyəsi – yəni günorta ilə ikindi, şamla xiftən namazlarını birlikdə qılmağın düzgünlüyü, eləcə də onun bütün şərait, məkan və zamanlarda ümumi olması sübuta yetir.

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Əl-fiqhu ələl-məzahibil-ərbəə”, kitabus-səlat, əl-cəmu bəynəs-səlat təqdimən və təxirən
2. “Müsnədi-Əhməd”, 1-ci cild, səh.221
3. “Müsnədi-Əhməd”, 1-ci cild, səh.251
4. “Müvəttəə” (Malik), əs-səlat kitabı, Beyrut çapı, səh.125, hədis-178æ “Səhihi-Müslim”, 2-ci cild, səh.151, Beyrut çapı, əl-cəmu bəynəs-səlateyni fil-həzər babı.
5. “Müvəttəə” (Malik), səlat bölməsi, səh.134 hədis 176, Beyrut çapı, 1403, “Səhihi Müslim”, Misir çapı, 2-ci hissə, səh.152
6. “Müvəttəə”, Beyrut çapı, səh.125 hədis-177
7. “Müvəttəə”, səh.124, hədis-175
8. “Müvəttəə”, səh.125, hədis-179
9. “Müvəttəə”, səh.125, hədis-181
10. “Şərhi Zərqani”, Misir çapı, 1-ci cüz, səh.294
11. Yenə orada, səh.294.
12 “Səhihi Müslim”, 2-ci cild, Misir çapı, səh.151.
13 “Səhihi Müslim”, 2-ci cild, Misir çapı, səh.151, qeyd olunan hədislə əlaqədar.
14 “Səhihi Müslim”, 2-ci cild, Misir çapı, səh.152.
15 “Səhihi Müslim”, 2-ci cild, Misir çapı, səh.152.
16 “Səhihi Buxari”, 1-ci hissə, səh.110, namaz bölməsi, “Təxiruz-zuhri iləl-əsr” babı, Misir çapı, “Əmiriyyə” nüsxəsi, 1314-cü il
17 “Səhihi Buxari”, 10-cu cüz, səh.113, Misir çapı, 1314-cü il
18 “Səhihi Müslim”, 2-ci cüz, səh.153
19 “Səhihi Müslim”, 2-ci cüz, səh.151, Misir çapı
20 “Səhihi Müslim”, 2-ci cüz, səh. səh.152
21 “Əl-müvəttəə”, Beyrut çapı, səh.125, hədis:180
22 “Kənzül-ümmal”, kitabus-səlat, əl-babur-rabiu fi səlatil-musafir, babul-cəm, cild-8, səh.246, Hələb çapı, 1391
23 “Kənzül-ümmal”, kitabus-səlat, babur-rabiu fi səlatil-müsafir, 8-ci cild, səh.847, Hələb çapı
24 “Sərf” Məkkənin doqquz milliyində yerləşən bir yerin adıdır.
25 “Kənzül-ümmal”, səlat” kitabı, “rabiu fi səlatil-müsafir” bölümü, 8-ci cild, səh.847, Hələb çapı.
26 “Kənzül-ümmal”, 8-ci cild.
27 “Əl-fiqhu ələl-məzahibil-ərbəə”, “səlat” kitabı, “əl-cəmu beynəs-səlateyn təqdimən və təxirən” bölümü.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
9+9 =